Gözləri görməsə də, 28 ildir müəllimlik edir – VİDEO

Gözləri görməsə də, bu, onun peşəsinə olan sevgisinə mane ola bilməyib. Zaqatala rayonunda yaşayan Beydulla İsgəndərov 28 ildir ki, müəllimlik edir. Tarix dərsi tədris edən müəllim fiziki məhdudiyyətli olmasına baxmayaraq, işinin öhdəsindən peşəkarlıqla gəlir.

Dərs başa salır, şagirdlərin sullarına cavab verir, qiymətləndirmə aparır. Gözlərinin görməməsi ona sevdiyi müəllimlik peşəsinin öhdəsindən uğurla gəlməyə mane olmur.

54 yaşlı Zaqatala rayonunun Suvagil kənd sakini Beydulla İsgəndərov 28 ildir ki, kənd 1 saylı tam orta məktəbində tarix fənnini tədris edir.

Anadangəlmə gözlərinin görməməsi ona bir sıra çətinliklər yaratsa da, o, bu çətinlikləri aşmağı, şagirdlərinin və həmkarlarının sevimlisi olmağı bacarıb. Həyatı gözü ilə deyil, qəlbi ilə görən Beydullah müəllim daim öz üzərində çalışır. Hətta o, diaqnostik qiymətləndirmədə gözəl nəticə də göstərib.

İstər müəllim kollektivi, istərsə də şagirdləri onu çox sevir, lazım olanda ona həvəslə kömək edirlər. Şagirdləri isə onun dərslərinə daha həvəslə girirlər. Müəllim yoldaşları deyirlər ki, o, çox məsuliyyətlidir və bütün işlərinin öhdəsindən uğurla gəlir. Şagirdlərindən biri isə Respublika üzrə fənn olimpiadasında qızıl medala layiq görülüb.

Beydullah müəllimin həm də musiqi istedadı var. O, bu sahə üzrə təhsil almasa da, piano, sintezator və nağara kimi alətlərdə ifa edir, həm də gözəl səslə oxuyur.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...