Tala çayı üzərindəki körpünün təmiri yekunlaşır

3. 935

loading...

Zaqatala şəhərində Tala çayı üzərində yerləşən avtomobil körpüsünün əsaslı şəkildə təmiri işləri yekunlaşır

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, körpünün təmiri adıçəkilən qurum tərəfindən dövlət başçısının “M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı çərçivəsində yerinə yetirilir.

Zaqatala şəhərinin ərazisindən axan Tala çayı üzərində yerləşən və ötən əsrin 60-cı illərində inşa edilmiş 132 metr uzunluğundakı körpünün əsaslı şəkildə təmiri işləri zamanı hərəkət hissəsinin genişləndirilməsi üçün müvafiq işlər aparılıb.

Layihəyə uyğun olaraq, körpünün üzərinin dəmir konstruksiyalarının qurulması işləri aparılıb. Sözügedən işlər çərçivəsində körpünün eni hər iki istiqamət üzrə 1,5 metr enində genişləndirilərək, 9,5 metrdən 12,5 metrə çatdırılıb. Nəticədə yolun hərəkət hissəsi mövcud 7 metr deyil, 9,5 metr təşkil edəcək. Daha sonra körpünün üzərinə monolit-beton döşənib

Vətəndaşların körpünün kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün 1.5 metr enində piyada səkiləri inşa edilir. Yolun hərəkət hissəsi ilə səkilərin arasında xüsusi təkərqaytaran dəmir-beton qoyulacaq, körpünün kənarlarına yeni məhəccərlər quraşdırılacaq.

Təmir-tikinti işləri çərçivəsində körpüdə əlavə bərkitmə işləri aparılır. Bu isə körpünün yükgötürmə qabiliyyətini artırır. Yenidənqurma işləri tam olaraq bitdikdən sonra körpünün üzərinə yeni asfalt-beton örtük döşənəcək

Ümumiyyətlə sözügedən körpüdə işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, dövlət başçısının “M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən yol boyu yerləşən daha 4 avtomobil körpüsünün də əsaslı şəkildə təmiri nəzərdə tutulub.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...