Tala çayı üzərində yerləşən körpü əsaslı şəkildə təmir olunur

1. 053

loading...

Zaqatala şəhərində Tala çayı üzərində yerləşən avtomobil körpüsünün əsaslı şəkildə təmiri işlərinə start verilib.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, körpünün təmiri adıçəkilən dövlət müəssisəsi tərəfindən dövlət başçısının “M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı çərçivəsində yerinə yetirilir.

Zaqatala şəhərinin ərazisindən axan Tala çayı üzərində yerləşən və ötən əsrin 60-cı illərində inşa edilmiş 132 metr uzunluğundakı körpünün əsaslı şəkildə təmiri işləri zamanı hərəkət hissəsinin genişləndirilməsi üçün müvafiq işlərə də başlanılıb.

Layihəyə uyğun olaraq, körpünün eni hər iki istiqamət üzrə 1,5 metr enində genişləndirilərək, hazırkı 9,5 metrdən 12,5 metrə çatdırılacaq. Nəticədə yolun hərəkət hissəsi mövcud 7 metr deyil, 9,5 metr təşkil edəcək.

Vətəndaşların körpünün kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün 1.5 metr enində piyada səkiləri inşa ediləcək. Yolun hərəkət hissəsi ilə səkilərin arasında xüsusi təkərqaytaran dəmir-beton qoyulacaq, körpünün kənarlarına yeni məhəccərlər quraşdırılacaq.
Təmir-tikinti işləri çərçivəsində körpüdə əlavə bərkitmə işləri aparılaraq yükgötürmə qabiliyyəti artırılacaq.

Sadalanan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Hazırda körpü üzərində hərəkət məhdudlaşdırıldığı üçün avtonəqliyyat vasitələrinin hərəkəti alternativ yola yönəldilib.

Qeyd edək ki, dövlət başçısının “M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən yol boyu yerləşən daha 4 avtomobil körpüsünün də əsaslı şəkildə təmiri nəzərdə tutulub.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...