Zaqatala şəhərinin mərkəzində yeraltı piyada keçidi tikilir VİDEO

Zaqatala şəhərinin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə şəhərin mərkəzində – Faiq Əmirov, Vidadi, Saleh Qocayev və Bazar küçələrinin kəsişməsində tikintisinə bir neçə il əvvəl başlanan yeraltı piyada keçidində inşaat işləri davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyunun 6-da imzaladığı Sərəncama əsasən, piyada keçidinin tikintisinin başa çatdırılması üçün Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 2,6 milyon manat vəsait ayrılıb.

AZƏRTAC xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral avtomobil yolunun keçdiyi bu ərazidə günün əksər vaxtlarında nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə olunur, tez-tez tıxaclar yaranır. Ərazidə məktəb, xəstəxana, kənd təsərrüfatı məhsullarının satış bazarı, iri ticarət obyektləri yerləşdiyindən nəqliyyat vasitələrinin intensiv hərəkəti piyadalar üçün müəyyən çətinliklər törədir, tez-tez yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurdu.

Tikinti işlərinin gedişi barədə məlumat verən “Körpü Bina Tikinti” MMC-nin sahə rəisi Məmmədəli Musayev AZƏRTAC-a bildirib ki, yeraltı piyada keçidi 4 giriş-çıxışlı olacaq. Yeraltı svayların vurulması işləri tam başa çatıb, torpaq işlərinin 70 faizi görülüb. Bir gün sonra keçidin döşəmə hissəsinin betonlanmasına başlanılacaq. Hazırda tikintidə 20 nəfərədək işçi çalışır.

Yeraltı piyada keçidinin tikintisinin iki aya başa çatdırılması nəzərdə tutulur.

1811 Ümumi bağış 3 Bu gün

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...