Rəfail Mirzəyevin FHN-də “xadimə agenturası”


Bir müddət öncə Fövqəladə Hallar Nazirliyində nazir müavinlərinin “Mercedes E-Klass” markalı xidməti avtomobilləri yeniləri ilə əvəzlənib.

Bu, ilk baxışdan sıradan bir xəbər hesab oluna bilər. Lakin məsələ ilə bağlı AFN-ə daxil olan məlumat durumun heç də sıradan olmadığını deməyə əsas verir. Məlumatlı mənbənin bildirdiyinə görə, dövlətə qaytarılmalı olan əmlak – nazir müavinlərinin köhnə xidməti avtomobilləri – istifadəyə yararsız adı ilə silinib. Əslində isə istifadəyə yararlı olan “Mersedec E-Klass” avtomobilləri fövqəladə hallar nazirinin birinci müavini general-leytenant Rəfail Mirzəyevin oğlu və kürəkəninə aid olan avtomobil icarə şirkətinə verilib. Məsələnin daha ilginc tərəfi isə odur ki, nazirliyin qonaqları olanda, yaxud hər hansı məqsədlə lyuks avtomobillər lazım olduqda həmin şirkətdən həmin avtomobillər FHN-in balansından pul ödənməklə icarəyə götürülür.

Rəfail Mirzəyevin FHN-də “xadimə agenturası”

Bundan əlavə, R.Mirzəyevin oğlu və kürəkəninə məxsus tikinti şirkətləri FHN-in keçirdiyi tenderlərdə qalib edilərək böyük miqyasda işlər götürürlər. Mənbə bildirib ki, 2012-ci ildə Zaqatala və Balakəndə baş verən zəlzələ zamanı dağılan evlərin təmir-bərpası zamanı da işlər R.Mirzəyevin yaxınlarının şirkətlərinə verilməklə büdcədən xeyli vəsait mənimsənilib: “Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri dəymiş ziyanı artıqlaması ilə hesablayıblar. Hətta bəzi hallarda cari təmirə ehtiyacı olan evləri yenidən qurulmalı olan kimi, yaxud heç zərər çəkməmiş evləri ziyan dəymiş kimi təqdim ediblər. Təmir və tikinti üçün lazım olan vəsaiti də şişirdiblər. Bütün bunlardan götürülən “qazanc” yekunda R.Mirzəyevə çatıb”.

Rəfail Mirzəyevin FHN-də “xadimə agenturası”

Surət Hüseynov Rəfail Mirzəyevi həbs edibmiş

Lakin R.Mirzəyev haqda məlumat bununla bitmir. Mənbəmiz daha müdhiş faktlar açıqlayır. Onun sözlərinə görə, son bir neçə ildə FHN-də kadr məsələləri sırf R.Mirzəyevin kurasiyasındadır: “Bu adam isə əvvəllər MTN-in işçisi olub. Namiq Abbasovun vaxtında MTN-in rəsmi iççisi, eyni zamanda Gömrük Komitəsi sədrinin birinci müavini olub. Zamanla MTN-də bu ştat ləğv edildikdən sonra komitənin sədr müavini vəzifəsini davam etdirib.

Rəfail Mirzəyevin FHN-də “xadimə agenturası”

Ondan əvvəl Xətai və Gəncədə MTN rəisi vəzifəsində çalışıb. Hətta Gəncədə çalışdığı dövrdə Surət Hüseynovla problemlər yaşayan R.Mirzəyev onun tərəfindən bir neçə sutkalıq həbs də edilib. MTN-də topladığı təcrübəsini istifadə edən R.Mirzəyev nazirliyin mərkəzi aparatında təmizlik və mühafizə işlərinə öz agentlərini yerləşdirib. Xadimələr otaqlarda olan danışıqları, bəzən də sənədləri R.Mirzəyevə çatdırırlar. Təmizlik işlərinə, demək olar ki, bütünlüklə öz qohum və yaxınlarını yığıb. Hər şöbədə, hər idarədə özünün adamları var. Bu da həmin qurumların rəhbərlərini təhdid altında saxlamağa bəs edir”.

Nazirlikdə 3 milyonluq yeyindi faktı aşkarlanıb və…

Ötən il ölkədə iqtisadi durum pisləşdikdən sonra bütün dövlət qurumlarında olduğu kimi, FHN-də də paketlər kəsilib. Bundan sonra baş verənlər isə böyük maxinasiyalardan xəbər verir. Belə ki, nazirliyin Maliyyə-iqtisadiyyat Baş İdarəsində 3 milyon manatlıq yeyinti faktı aşkarlanıb: “Nazir Kəmaləddin Heydərovun da bundan xəbəri olub və fakt onu bərk qəzəbləndirib. Bununla əlaqədar Maliyyə-iqtisadiyyat Baş İdarəsində bəzi yüksək vəzifəli işçilər, eyni zamanda idarənin Maliyyə şöbəsinin rəisi Rəsulov Veysəl də işdən uzaqlaşdırılıb. İtən pulun bir hissəsi, daha doğrusu, təxminən bir neçə yüz minlik az qismi qaytarılıb. Amma sonradan nazirliyin yüksək rütbəli şəxsi tərəfindən bu məsələ ört-basdır edilib”.

Rəfail Mirzəyevin FHN-də “xadimə agenturası”

Qeyd edək ki, maliyyə-iqtisadiyyat Baş İdarəsinin rəisi Nağı Nağıyevdir. Mənbəmiz bildirir ki, o, K.Heydərovun sinif yoldaşı olub. “Lakin onun baş verən bu məsələlərdən xəbəri olmayıb, o, aldadılaraq oyunun qrubanı olub. N.Nağıyev sədaqətli insandır” – deyə mənbəmiz bildirir: “O daim K.Heydərova sədaqəti ilə seçilib”.

FHN-də rüşvətlə işə düzəlmə halları olub, amma

Maraqlıdır ki, indiyədək qanunların az-çox düzgün işlədiyi qurum kimi tanınan FHN-də rüşvətlə işə düzəltmə halları da olub: “Bundan xəbər tutan K.Heydərov Kadr Siyasəti Baş İdarəsinin Hərbi xidmətə qəbul şöbəsinin rəisi Habil Cəbrayılovu işdən qovub. Bu fakta görə hətta onun FHN-də yüksək vəzifə tutan qardaşı da nazirlikdən qovulub. Bu hadisələrin hamısının baş vermə səbəbi nazirin daha mühüm dövlət işlərinə diqqət ayırması olub. Bildiyiniz kimi, son vaxtlar ölkədə müəyyən iqtisadi çətinliklər yaranıb. Və Kəmaləddin Heydərov da dövlətə sədaqətli insan kimi, bu problemlərin aradan qaldırılması istiqamətində ciddi işlərlə məşğuldur. Bu səbəbdən nazirlik daxilində bütün səlahiyyətləri birinci müavin olaraq R.Mirzəyevdədir”.

Mənbəmiz onu da bildirdi ki, FHN-də yaxın vaxtlarda ciddi kadr islahatlarının olacağı gözlənilir: “Vəziyyətin dəyişməsi zərurətə çevrilib. Əks halda, K.Heydərovun müsbət imici zədələnə bilər. Təsəvvür edin, digər müavinlər, baş idarə və idarə rəsiləri nazirin qəbuluna R.Mirzəyevin razılığı olmadan girə bilmirlər. Nazirin köməkçiləri belə ona məruzə etmədən qəbula gələnləri nazirlə görüşdürmürlər. FHN-də mühüm sayıla bilən baş idarə və idarə rəisləri hər detalı ilk olaraq birinci müavinlə razılaşdırırlar, nazirin diqqətinə ələnmiş informasiya çatdırılır. Nazirin daha mühüm məlumatlardan, baş verə biləcək hallardan çox vaxt xəbəri olmur”.

R.Mirzəyevə “biət” edənlərin siyahısı

Məlumatda o da bildirilir ki, R.Mirzəyev nazirin digər müavinləri Orucəli Hacıyev və Etibar Mirzəyevi fəaliyyətsiz duruma salıb: “Birinci müavinə yaxınlığı ilə seçilən Yanğından Mühafizə Xidmətinin rəisi, general Füzuli Əsədovla nazir müavini Etibar Mirzəyev arasında soyuq münasibətlər mövcuddur. Halbuki yanğın xidməti faktiki olaraq E.Mirzəyevin kurasiyasındadır. Lakin buna baxmayaraq, xidmət rəisi E.Mirzəyevlə deyil, R.Mirzəyevlə hesablaşır. Bütün məlumatları, hesabatları ona təqdim edir. R.Mirzəyevlə hesablaşmayan yeganə adam Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi general İsrail Əliyevdir.

Rəfail Mirzəyevin FHN-də “xadimə agenturası”

Ümumilikdə R.Mirzəyevə nazirlik daxilində “biət” edən yüksək vəzifəlilər bunlardır: Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin rəisi Elşad Hüseynov, Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarə rəsi Valeh Abdullayev, idarə rəisi Niyazi Zamanov, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Cəbrayıl Xanlarov, Katibliyin rəhbəri Cəfər İbadov.

P.S. Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini verməyə hazırıq.

P.P.S. R. Mirzəyevin oğlu və kürəkəninə aid şirkətlər və onların qazandıqları tenderlərlə bağlı araşdırmamız davam edir.
AFN.az

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...