Zaqatalada narkotik bitki becərən 6 nəfər həbs edilib

189

Zaqatala. Vüqar Heydərov-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində narkotik tərkibli bitkilər becərən Zaqatala rayon sakinləri həbs edilib.

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 9-cu kvartalının 3 saylı dolayının ərazisindəki meşə zolağının üç ayrı-ayrı yerində narkotik tərkibli bitki hesab edilən çətənə kollarının əkilməsi barədə RPŞ-yə məlumat verilib.

Məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin sahələrdən ümumi çəkisi 56 kq 455 qram narkotik bitkiləri yığaraq əldə etməyə cəhd edən Zaqatala rayon sakinləri Şakir Məmməd oğlu Mirzəyev, İlham İsa oğlu Aslanov və Oqtay Xəlil oğlu Lebeyev  hadisə yerində saxlanılıblar. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin sahələrə quraşdırılmış foto-video kameralara baxış keçirilən zaman Zaqatala rayon sakinləri olan Elçin Rüfət oğlu Mikayılovun, Vaqif Əli oğlu Qardaşovun və Rəşad Ziyəddin oğlu Məmmədovun sahələrdən çətənə kollarının yığması müəyyən edilib. Keçirilmiş tədbir nəticəsində hər üç şəxs tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxslərdən Elçin Mikayılovun yaşadığı evdə aparılan axtarış zamanı evin yataq otağında sandığın arxasında bir ədəd selofan torbada çəkisi 39,51 qram, çarpayının altında selofan torbada çəkisi 11,3 qram olan qurudulmuş marixuana və müxtəlif növlərdə olan çoxlu sayda soyuq silah və xəncər götürülərək maddi sübut kimi istintaqa təhvil verilib.

Bundan başqa Elçin Mikayılovon “Pipan” adlanan dağlıq ərazidə bir ədəd ağ torbada gizlətdiyi 4 kq 70 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Zaqatala RPŞ-də saxlanılan şəxslər barəsində CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb və barələrində Zaqatala Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...