Zaqatalada çayxanaya çevrildiyi iddia edilən kilsə ilə bağlı rəsmi açıqlama

Zaqatalada tarixi abidəni çay evinə çeviriblər. Bu barədə Zaqatala.ws-ə Zaqatalada yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, bu işi həyata keçirən Zaqatala rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadədir.

Rayon sakinləri iddia edirlər ki, kilsənin bir otağı hörülərək dəmir qapı qoyulub, qapı qıfıl ilə bağlanaraq anbar kimi istifadə edilir. Şikayətçilər onu da əlavə etdilər ki, icra başçısının bu cür addım atmasına Mədəniyyət və Turizm Nazirliyinin Zaqatala nümayəndəsi Zümrüd Atakişiyeva və Tərlan Əhmədov şərait yaradır.

  Zaqatala Rayon İcra başçısının mədəniyyət məsələləri üzrə müavini Vəfa Süleymanova adı çəkilən ərazidə çay evinin Mübariz Əhmədzadəyə aid olmasını təkzib etdi. “Həmin çay evi 1996-cı ildən özəlləşdirilib. O vaxt heç Mübariz Əhmədzadə icra başçısı da deyildi. Ümumiyyətlə, sakinlərin bu iddiası tamamilə əsassızdır. Çay evi Alban kilsəsində deyil. Özəldir. Sahibkar istədikdə işlədir, istəmədikdə yox. Hazırda həmin çay evi işləmir”, – deyə icra nümayəndəsi söylədi.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri  Zümrüd Ağakişiyeva isə deyir ki, orada yerləşən çay evinin abidəyə heç bir aiddiyyəti yoxdur. Kiçik çay evinin tikilişi üçün rəsmi icazə də alınıb. “O, yaşlı bir qadının adına alınıb və hazırda ora nəvələrinin istifadəsindədir. Çayxananın arxa hissəsi Alban abidəsinin arxa divarlarıdır. Amma çayxananın həyətinin abidəyə aidiyyəti belə yoxdur. Çayxana cəmi 40 kvadrat metrdən ibarətdir”, – deyə qurum rəsmisi bildirdi.

Zümrüd Ağakişiyevanın sözlərinə görə, abidə çox böyükdür və onun təmirinə ehtiyac var. Onun fikrincə, sakinlər də məhz buna görə çayxananı bəhanə edərək oranı mübahisəli əraziyə çeviriblər.

“Alban məbədinin təmiri üçün biz xarici təşkilatlara dəfələrlə müraciət etmişik, amma bizdən külli miqdarda pul istəyiblər. Bizim balansımızda o qədər pul yoxdur. Amma abidə həm Nazirliyin, həm dövlətin nəzarətindədir və diqqətindədir. Demək olar ki, 200 ilin binası olan bu abidə indiyənə kimi heç vaxt təmir olunmayıb. Təzəlikcə İcra başçısının tapşırığı ilə abidəyə dəmir barmaqlıqlar da vurmuşuq”, – deyə Zümrüd Ağakişiyeva qeyd etdi.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...