Qaxda quduz çoban iti ata və oğlunu dişlədi

Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-yə  verilən məlumata görə, aprelin 15-də gecə saat 23.00 radələrində Zaqatala rayonunun Gözbarax kənd sakini, 1952-ci il təvəllüdlü Nəzir Şərif oğlu Məmmədov, bu gecə saat 03.00 radələrində isə Nəzir Məmmədovun oğlu, 1994-cü il təvəllüdlü Arzuman Məmmədov xəstəxanaya daxil olublar. Onların hər ikisini it dişləyib.

 

Ata və oğula lazımi tibbi yardım göstərilib və onlar quduzluq əleyhinə peyvənd olunaraq ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

 

Xəsarət alan Arzuman Məmmədov APA TV-yə bildirib ki, ailəsinə məxsus 150 baş xırda buynuzlu və bir neçə baş iri buynuzlu mal-qaranı saxlamaq üçün Qax rayonu ərazisində bir fermanı icarəyə götürüblər. Aprelin 15-də axşam saatlarında sürünü yırtıcı heyvanlardan qorumaq üçün saxladıqları çoban itlərindən biri qəfildən atasına hücum edərək onun sağ əlini dişləyib.

 

Atasını Qax RMX-da müayinə edib geri gətirən A.Məmmədov iti toxa ilə öldürüb. Bu zaman digər çoban iti Arzumana hücum edərək, onun sağ dizi və sol biləyini dişləyib. A.Məmmədovun sözlərinə görə, sürüdə olan çoban itlərində artıq 10 gündür quduzluq əlamətləri var. Belə ki, bir həftə əvvəl itlər bir baş inəyə və bir baş qoyuna xəsarət yetirib, 3 baş yeni doğulan quzunu isə öldürüblər.

 

Hadisədən xəbər tutan Qax rayon Baytarlıq İdarəsinin əməkdaşları fermaya gələrək, ərazidə dezinfeksiya işləri aparıblar. Quduzluq əlamətləri olan daha iki iti güllələyiblər. Öldürülmüş itlərdə quduzluğun olub-olmamasını dəqiqləşdirmək üçün nümunə götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...